Miodraq Bojoviç və Adil Şükürovdan 6 qolluq heç-heçəyə şərh

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 26-cı turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, monteneqrolu mütəxəssis səfərdə baş tutan və 3:3 hesabıyla yekunlaşan bu matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun alındı. 3 dəfə hesabda geri düşdük və geridönüş etməyə çalışdıq. Futbolçularıma təşəkkür edirəm. Fikrimcə, yaxşı oynadıq. İlk hissədə oyuna nəzarət bizdə idi. İkinci hissə başlayanda yenə qol buraxdıq. Rəqib çox yaxşı qol vurdu. Yaxşı ki, məğlub olmadıq. Komandam sona kimi xarakter göstərdi.

“Kəpəz” autsayder olduğunu deməzdim. Ümumiyyətlə, bütün komandalar eyni gücdədir. Heç kim asan qələbə qazana bilmir. Tunrir cədvəlində xal baxımından sıxlıqdır. “Kəpəz” də inkişaf edir. Amma biz bu gün onlardan daha yaxşı idik”.

Miodraq Bojoviç “Kəpəz”lə Tovuz şəhər stadionunda oynadıqları üçün narazılığını da bildirib: “Bizi Tovuzda oynamağa məcbur etdilər. 14 gün ərzində Tovuza 2 dəfə səfər etmişik. Məndə olan məlumata görə, “Kəpəz” bundan sonra Sumqayıtda oynayacaq. Yalnız bizi Tovuzda oynamağa məcbur edirlər. Bu, düzgün deyil, qaydalara ziddir. Bir komanda mövsüm ərzində 3-4 fərqli stadionda oynayır”.

“Qarabağ”ın stadionu ilə bağlı danışıq gedir” – Adil Şükürov

“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə məhsuldar heç-heçəyə belə şərh verib:

“Bura gələn azarkeşlərimizə təşəkkür edirəm. Düşünürəm ki, onları bir xalla da olsa, sevindirə bildik. Qalib də gələ bilərdik. Üstün oynadıq. Düzdü, qollar da buraxdıq. Komanda bu bir xalı zəhmət çəkərək qazandı. Meydanda derbiyə uyğun futbol gördük. Qollu qarşılaşma oldu. Hamıya çəkdiyi əziyyətə görə təşəkkür edirəm. Futbolçular meydanda final fitinə kimi vuruşdular. Bizə lazım olan bir xalı əldə edə bildik. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Bunun üçün də xallar lazımdır. Müdafiədə problemlər var, çox qol buraxırıq. Bunun üzərində də işləməliyik. Xoşbəxtliyi daha çox rəqib qapısında axtarmağa çalışırıq”.

Şükürov Bojoviçin stadionla bağlı səsləndirdiyi iddiaya da münasibət bildirib:

“Belə bir şey yoxdur. Bilmirəm bu fikir haradan çıxıb. “Azərsun Arena” haqda nəsə desəydilər, inandırıcı olardı. Rəhbərliklə bu barədə danışırıq. Stadion axtarırıq. Hansı bizə uyğun olsa, orada oynayacağıq. Sumqayıt bizim üçün uzaqdır. Futbolçular üçün asan yollar axtarırıq”.

Adil Şükürov “Sumqayıt”la oyunda əvəzlənərkən etiraz etmiş Georgi Papunaşvilinin bu gün oynamamasına və Adama Nianenin əvəzedici komandaya göndərilməsinə də aydınlıq gətirib:

“Papunaşvilinin oynamaması ötən oyunla bağlı deyil. Onu bu gün əsas heyətdə oynatmağı düşünmüşdük. Matçdan əvvəl dedi ki, qasıq nahiyyəsində ağrı hiss edir. Bu gün onu qorumaq istədik. Bütün futbolçularımıza inanırıq. Adama Nianeyə gəlincə, onun əsas komandadan göndərilməsi daxili nizam-intizamla bağlı idi. Hələ ki, orada qalacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: