Bu yay “Sabah”dan ayrılan gürcü hücumçu Mixeil Erqemlidze növbəti mövsümü də Azərbaycanda keçirəcək. Arena.az xəbər verir ki, 22 yaşlı hücumçu növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz”lə anlaşıb.
Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik müqavilə imza atıblar.
Mixeil Erqemlidze 2021-ci ilin avqust ayından “Sabah”da çıxış edirdi. Lakin bu yay klub gürcü hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdi.
“Kəpəz” bu yay Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Georgi Kantariya, Mate Kvirkviya, Əfran İsmayılov, Rauf Əliyev, Fərid Nəbiyev, Yusif Nəbiyev və Abdullahi Şuaybunu da transfer etmişdi. Gəncə klubu Samir Məhərrəmli (“Sabah”) və Zamiq Əliyevi (“Qarabağ”) də icarəyə götürüb. Öz futbolçularından Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov və Bəhruz Teymurovla yeni müqavilə bağlayan “Kəpəz”, Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımovla da yollarını ayırıb.


