Miyatoviç: “Mbappe ehtiyatda oturdulsa, pis olmaz”

“Real”ın keçmiş futbolçusu və sabiq idman direktoru Predraq Miyatoviç “qaymaqlılar”ın fransalı ulduzu Kilian Mbappe haqda danışıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, Miyatoviçin bu barədə fikrini təqdim edir:

“O, superulduz olduğunu göstərmək üçün vacib işlər görmək istəyən, çox təzyiq və narahatlıq yaşayan bir oyunçudur. O, sakitləşməlidir və ab-havanı hopdurmaq üçün bəzi oyunlarda ehtiyat oyunçular skamyasında qalsa, yaxşı olardı. O, “Real”ın tələblərinə öyrəşməlidir. Komanda ona uyğunlaşmamalıdır”, deyə Miyatoviç vurğulayıb.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 21 oyuna çıxıb, 11 qol vurub, 2 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: