MLS-in rəhbəri Don Qarber “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messinin müqaviləsi başa çatdıqdan sonra mümkün gedişindən danışıb.
Arena.az ESPN portalına istinadən, Qarberin bu barədə fikirlərini təqdim edir:
“Əvvəla, ümid edirəm ki, Messi 2025-ci ildən sonra da qalmağa qərar verəcək. Deməli, bəlkə də 2025-ci il son tarix deyil. Ancaq planımız 2027-ci ildə olmaq istədiyimiz liqa olmaqdır ki, bu da araşdırmalarımızı davam etdirmək, azarkeşlərimizlə danışmaq, bəzi dəyişikliklərin hansı təsirə malik olacağını qiymətləndirmək və daha sonra ən müsbət və məhsuldar şəkildə irəliləmək üçün bizə çox vaxt verir”, deyə Qarber bildirib.
Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
Xatırladaq ki, oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


