Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Gürcüstan millisi ilə oyunu (3:1) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Final mərhələsinə layiq bir oyun. Azarkeşlərimiz əla idilər. Çətin olanda da bizə dəstək oldular. Bu qələbə də onlarındır. Bu gün mənim 52 yaşım tamam oldu və bu, ala biləcəyim ən gözəl hədiyyədir.
Qapıya 22 zərbə vurduq. Haradasa daha diqqətli oynaya bilərdik, amma ümumilikdə gördüklərimi bəyəndim. VAR ikinci qolu rədd etdikdən sonra bir az rahatlaşdıq, amma bunlar olur. Gürcüstan yığması fiziki cəhətdən güclü, yaxşı təşkilatlanmış komandadır. Bu komanda öz güclü və zəif tərəflərini bilir və buna müvafiq oynayır. Onun final mərhələsinə yüksəlməsi təsadüfi deyildi”, deyə Montella vurğulayıb.
1-ci turdan sonra Türkiyə və Portuqaliya yığmaları “F” qrupunda hər biri 3 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. Çexiya və Gürcüstan yığmaları xalsızdırlar və müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.


