Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella AÇ-2024-ün qrup mərhələsi 2-ci turunda Portuqaliya yığması ilə qarşıdakı oyundan danışıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz öz güclü tərəflərimizə diqqət yetirməli, səbrli və yığcam qalmaqla isə onların güclü tərəflərini aradan qaldırmağa çalışmalıyıq. Biz topa sahib olmalıyıq, çünki Portuqaliya yığması, rəqibi topa sahib olanda daha çox narahat olur.
Müdafiədə oyunumuzu yaxşılaşdırmalıyıq. Portuqaliya yığmasının təhlükəli hücumçuları var. Müdafiədə bütöv oynamalıyıq.
Diqqətimizi saxlamalı və topa nəzarət etməliyik. Portuqaliyalılara çox məkan verə bilmərik, çünki onlar çox sürətlidirlər. Biz hətta onların müdafiəçilərinin də topla nələr edə biləcəyini bilirik. Yığcam quruluşu qorumaq və rəqiblərimizə sərbəstlik verməmək gərəkdir.
Martinesin (Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines – redaktorun qeydi) komandamızın hücum təmayüllü olduğunu qeyd etməsi məni sevindirdi”, deyə Montella vurğulayıb.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun “F” qrupu çərçivəsində keçiriləcək Türkiyə – Portuqaliya oyunu bu gün, iyunun 22-də Dortmundun “Siqnal İduna Park” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.
2-ci tur ərəfəsində “F” qrupunun yarış cədvəli belə mənzərə yaradır:
- Türkiyə – 3 xal
- Portuqaliya – 3 xal
- Çexiya – 0
- Gürcüstan – 0


