Murad Musayev: “Azərbaycan Premyer Liqası daha da çətinləşib”

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 1-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 5:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu gün iki komandanın ifasında parlaq oyun gördük. “Qəbələ” ilə oyunlarımız hər zaman maraqlı alınır, açıq futbol gedir. Hesaba baxmayaraq, oyun çətin keçdi. Avrokubok matçından sonra həm bizim, həm də “Qəbələ”nin bərpa olmaq üçün cəmi iki gün vaxtı var idi. Yaxşı intizam, yaxşı sürət görə bildik. Şadam ki, qalib gəldik. Bizim kiçik üstünlüyümüz o idi ki, avrokubok görüşünü evdə oynamışdıq. “Qəbələ” isə Kiprdə oynayırdı və geri qayıtmalıydılar, yatmayacaqdılar. Bütün bunlar çətindir. Biz bir az gümrah idik. Ancaq ümumi olaraq nəsə demək çətindir, çünki cəmi bir tur geridə qalıb. Hər şey mümkündür. “Qəbələ”yə qarşı oynamaq çətindir. Onlar yaxşı hücum edən kollektivdir. Layiqli şəkildə də ölkə kubokunu qazanmışdılar. Bu il Azərbaycan Premyer Liqası daha da çətinləşdi, güclü oldu. Bura maraqlı futbolçular gəlir. Məşq edəcəyik, işləyəcəyik, necə olacağını görəcəyik. Hələ ki, heç bir söz verə bilmərəm”.

Murad Musayev ərəb ölkələrindən sərfəli təklif alan hücumçu Coy Lens Mikelsin “Sabah”da qalmaq şansları barədə də söz açıb:

“Kluba rəsmi təklif gəlib. Onu transfer etmək istəyən klub var. Amma biz onu satmaq, onunla yollarımızı ayırmaq istəmirik. Çünki bizim vacib, lider oyunçularımızdan biridir. Amma müqaviləsində bənd var ki, özü müəyyən məbləğ ödəyərək sərbəst qala bilər. Hələ ki, heç nə dəqiq deyil. O, yekun qərarını verməyib. Hadisələr necə inkişaf edəcək, bilmirəm”.

Elmar Baxşıyev: “Belə olacağını gözləmirdik”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə komandasının biabırçı məğlubiyyətini belə şərh edib:

“Komanda şəklində çox zəif oynadıq. Belə olacağını gözləmirdik. Amma birinci turdur. Bu görüşü düzgün analiz etməli və qarşıdakı matçlara hazırlaşmalıyıq. Səfərdən sonra bərpa olunmaq ağırdır. Düşünürəm ki, bu da futbolçulara təsir edir. Keçirdiyimiz ən zəif oyun idi. Toplanışda da komandada dinamika görürdüm. Bu gün çox yorğun idilər. Getdikcə meydanda daha yaxşı komanda görəcəyik. Məğlubiyyət qaçılmazdır. Hər komandanın başına gələ bilər. Ümidsiz deyilik. Çalışacağıq ki futbolçuları qarşıdakı matçlara hazırlayaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: