“Sabah”ın baş məşqisi Murad Musayev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun oldu. Qol vurmaq sarıdan problemlərimiz var. Buna baxmayaraq, qələbə qazana bildik. Oyuna nəzarət bizdə idi. İkinci hissədən razı qaldım. Rəqibə ciddi yanaşdıq”.
Murad Musayev qapıçı Yusif İmanovun debüt etməsinə də münasibət bildirib: “Məşqçilər korpusu ilə belə qərara gəldik ki, ona şans verək. İmanov bundan çox yaxşı istifadə etdi. Oyunun qırılma nöqtəsi onun qurtarışı oldu. Onu və gənc müdafiəçi Hiqor Qabrieli təbrik edirəm”.
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev isə məğlub olduqları matçla bağlı bunları söyləyib:
“Son oyunda bir qədər həvəsdən düşsək də, bu matçda pis çıxış etmədik. Futbolçularıma təşəkkür edirəm. Maraqlı qarşılaşma alındı. Rəqibin gücü bəllidir. İstədiyimiz qələbəni əldə edə bilmirik. Zədəlilər, cəzalılar var. İlk hissədə ciddi qol epizodu olmadı. İkinci yarıda daha çox hücuma çıxmağa çalışdıq. Ədilxan Qarəhmədovun 100 faizlik qol imkanı matçın dönüş nöqtəsi oldu. Buraxılan qoldan sonra oyunu çevirməyə çalışsaq da, alınmadı. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq”.


