Musa Qurbanlı: “Doğru yolda getsəm, hədəflərimə çatacağam”

Futbol üzrə Azərbaycan milli komandasının və “Yurqorden”in hücumçusu Musa Qurbanlı İsveç mətbuatına müsahibə verib.

Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu müsahibə zamanı bu yay keçdiyi İsveç klubundakı çıxışını dəyərləndirib.

Yay transfer dönəmində “Qarabağ”dan ayrılan hücumçu İsveç çempionatında meydana çıxdığı 7 oyunda cəmi 2 qol vurmasına görə ciddi narahatlıq keçirmir. O, daha yaxşısını etməyə çalışdığını söyləyib: “Üzərimdə heç bir təzyiq hiss etmirəm. Bilirəm ki, insanlar təzyiq göstərməyə çalışırlar. Ancaq mən, sadəcə, öz işimi görürəm. Burada əlimdən gələni edirəm. Bilsəm ki, daha çoxunu verə bilərdim, oyunlarda bundan çox qaçardım”.

Buna baxmayaraq, azərbaycanlı futbolçu oyununu yaxşılaşdırmalı olduğunu etiraf edib: “Əminəm ki, bunu bacaracağam. Hücumçu olduğum üçün qol vurmalı və məhsuldar ötürmələr verməliyəm. Matçlardan əvvəl bacardığım qədər hazırlaşıram. Nə qədər çox oynasam, performansım bir o qədər yaxşılaşacaq. İsveç futboluna öyrəşirəm. Söhbət təkcə meydanda sərgilənən 90 dəqiqədən getmir. Yaşamaq, yemək, yatmaq, məşq etmək də bura aiddir. Doğru yolda davam etsəm, hədəflərimə çatacağam”.

Musa Qurbanlı qol imkanlarından yararlanmamağın onda ruh düşkünlüyü yaratdığını gizlətməyib: “Bütün hücumçularda belədir. Qol vurduqca özünəinam artır, vurmayanda bir qədər aşağı düşür. Bu, normaldır. İki həftə əvvəl 2 qol vuranda özünəinam yüksək idi. Son matçlarda qol vurmamağım isə mənfi təsir göstərir”.

Xatırladaq ki, Musa Qurbanlının “Yurqorden”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. O, İsveç komandasında indiyə qədər 11 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: