Əslən Seneqaldan olan ispaniyalı sol cinah müdafiəçisi Mustafa Sek bundan sonra Azərbaycan təmsilçisi “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
28 yaşlı futbolçu ilə bu gün 3 illik müqavilə bağlanıb. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran Sek “Barselona”nın müxtəlif yaş qrupu komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib, Niderland və Portuqaliya komandalarında oynayıb. Onun sonuncu klubu “Portimonense” (Portuqaliya) olub. 2022-ci ilin iyul ayından “Portimonense”də çıxış edən futbolçu bu komandanın heyətində 58 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bu klubla 2025-ci ilin 30 iyununa qədər müqaviləsi vardı. Bu üzdən də “Neftçi” güman ki, onun keçidi üçün Portuqaliya klubuna müəyyən təzminat ödəməli olub. Amma transferin maliyyə detalları açıqlanmır.
Mustafa Sek karyerası ərzində aşağıdakı komandalarda forma geyinib:
“Portimonense” – 58 oyun, 1 assist
“Leyksoeş” – 53 oyun, 1 qol, 5 assist
“Almere Siti” – 31 oyun, 4 assist
“Livorno” – 11 oyun
“Empoli” – 7 oyun
“Novara” – 7 oyun, 1 assist
“Karpi” – 3 oyun
“Roma” – 1 oyun
“Neftçi” daha öncə Edvin Kuç (“Ballkani”, Kosovo), Emil Səfərov (“Qəbələ”), Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə), Robert Bauer (“Əl-Tai”, Səudiyyə Ərəbistanı), Andrey Ştoqrin (“Çernomorets”, Ukrayna), Rüstəm Samiqullin (“Sabah”, icarə) və Rafael Quzzonu (“Şaveş”, Portuqaliya) heyətinə qatmışdı.
Ömər Buludov, Rüfət Abbasov, Turan Vəlizadə, Eddi İsrafilov, Reziuan Mirzov, Aqil Məmmədov, Ataa Caber, İvan Brkiç, Dieqo Valdes və Fərid Yusifli isə komandanı tərk ediblər. Bu yay klubla yeni müqavilə bağlamış İsmayıl Zülfüqarlı da “Turan Tovuz”a icarəyə verilib.



