“Neftçi” – “Beşiktaş” və “Sabah” – “Partizan” matçlarının hakimləri

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Neftçi” – “Beşiktaş” və “Sabah” – “Partizan” matçlarının hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, UEFA bu oyunları müvafiq olaraq İsveçrə və Gürcüstandan olan hakimlərə tapşırıb.

“Neftçi”nin Türkiyə “Beşiktaş”ı ilə Bakıda baş tutacaq ilk oyununu Lukas Fendrix idarə edəcək. İsveçrəli FİFA referisinə həmyerliləri Yonas Erni və Gilyom Mer yan xətdə kömək edəcəklər. Lionel Çudi isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Eyni gündə Masazırda keçiriləcək “Sabah”ın Serbiya “Partizan”ı ilə oyununda Georgi Kruaşvili söz sahibi olacaq. Gürcüstanlı FİFA referisinə yan xətt hakimləri Levan Varamişvili və Zaza Pipiya kömək edəcəklər. Matçın dördüncü hakimi Aleko Aptsiauri olacaq.

Qeyd edək ki, avqustun 10-da Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Partizan” oyununa saat 20:00-da start veriləcək. Bu komandaların avqustun 17-də Serbiyada baş tutacaq cavab matçının nəinki hakimləri, heç stadionu və başlama saatı da məlum deyil.

Avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” matçına isə saat 21:00-da start veriləcək. Bu komandaların bir həftə sonra İstanbuldakı “Vodafone Park”da baş tutacaq cavab görüşünün də start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Amma həmin qarşılaşmanın da hakimləri hələ bəlli deyil.

“Sabah” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın RFS, “Neftçi” isə Bosniya və Herseqovinanın “Jelezniçar” komandasından güclü olub. Növbəti rəqiblərə gəlincə, “Beşiktaş” ötən mərhələdə Albaniya “Tirana”sını mübarizədən kənarlaşdırıbsa, “Partizan” mübarizəyə birbaşa 3-cü təsnifat mərhələsindən qoşulacaq.