“Neftçi” – “Spartak” matçından əvvəl azarkeşlərə müraciət

“Neftçi” Bakıda Rusiyanın “Spartak” komandasına qarşı keçirəcəkləri yoldaşlıq matçından əvvəl azarkeşlərə müraciət edib.

Arena.az “ağ-qaralar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaq komandanın fanatları üçün arenada xüsusi sektor olacaq:

“Həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. Oyuna olan marağı nəzərə alaraq “Neftçi Arena”da keçiriləcək görüşdə Moskva təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Spartak” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.

“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq. Azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq”, – deyə Bakı klubunun yaydığı açıqlamada qeyd olunub.

Xatırladaq ki, martın 23-də baş tutacaq “Neftçi” – “Spartak” matçına saat 18:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: