“Neftçi” üçün İstanbul, “Sabah” üçün Belqrad sınağı

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi” və “Sabah” komandaları bu gün növbəti sınaqlarına çıxacaqlar.

Arena.az xəbər verir ki, paytaxt təmsilçiləri 3-cü təsnifat mərhələsinin cavab oyunlarını səfərdə keçirəcəklər.

“Ağ-qaralar” Türkiyə “Beşiktaş”ının, “bayquşlar” isə Serbiya nəhəngi “Partizan”ın qonağı olacaqlar.

“Neftçi” güclü rəqibinə Bakıdakı oyunda 1:3 hesabıyla məğlub olub. Bu üzdən Azərbaycan təmsilçisinin İstanbuldakı oyunda mərhələ adlaması demək olar ki, mümkünsüz görünür. Lakin Adrian Mutunun komandası möcüzəni gerçəkləşdirməyə çalıışacaq.

“Sabah” isə “Partizan”ı Masazırda keçirilmiş ilk oyunda 2:0 hesabıyla məğlub edib. Bu üzdən Murad Musayevin komandasının mərhələ adlamaq şansları yüksək qiymətləndirilir.

Xatırladaq ki, “Sabah” bu turnirin 2-ci raundunda Latviyanın RFS komandasını həm səfərdə (2:0), həm də evdə (2:1) məğlub etməklə mərhələ adlayıb. “Neftçi” isə Bosniya və Herseqovinanın “Jelezniçar” komandası ilə səfər matçında bərabərə qalmış (2:2), evdə 2:0 hesablı qələbəyə sevinmişdi.

Rəqiblərə gəlincə, “Partizan” Konfrans Liqasında mübarizəyə birbaşa bu mərhələdən qoşulub. “Beşiktaş” isə ötən mərhələdə Albaniyanın “Tirana” kollektivi ilə üz-üzə gəlib. “Qara qartallar” bu komandaya evdə 3:1, səfərdə 2:0 hesabıyla qalib gəliblər.

Onu da qeyd edək ki, “Neftçi” “Beşiktaş”ı keçə bilsə, pley-offda “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək. “Sabah” isə “Partizan”ı mübarizədən kənarlaşdıra bilsə, pley-offda “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin güclüsü ilə qarşılaşacaq.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
17 avqust

22:00. “Beşiktaş” – “Neftçi”
Baş hakim: Yulian Vaynberger (Avstriya).
İstanbul. “Beşiktaş Arena”.
İlk oyun – 3:1.

23:00: “Partizan” – “Sabah”
Baş hakim: Bartoş Frankovski (Polşa).
Belqrad. “Partizan Arena”.
İlk oyun – 0:2.

Xəbəri sosial şəbəkələrdə paylaş: