“Neftçi”nin futbol üzrə Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün ikinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Arena.az xəbər verir ki, “ağ-qaralar” bu raundda Belarusun “Dinamo” (Minsk) komandası ilə üz-üzə gələcəklər.
Belarus təmsilçisi turnirin 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasını mübarizədən kənarlaşdırıb. İlk oyunda 0:1 hesabı ilə məğlub olmuş “Dinamo” cavab görüşündə 1:0 hesablı qələbə qazanaraq qarşılaşmanı əlavə vaxta daşıyıb. Penaltilər seriyasında isə rəqibini 6:5 hesabı ilə üstələyən Minsk təmsilçisi növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək. “Neftçi” ilk oyunu evdə, cavab matçını səfərdə keçirəcək. Amma Belarus klublarına ev oyunlarını bu ölkədə keçirməyə icazə verilmədiyi üçün, Azərbaycan təmsilçisi bu rəqibi ilə neytral meydanda qarşılaşacaq.


