“Neftçi” və “Sabah” klublarının Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqiblərinin kimliyinə bu gün aydınlıq gələcək.
Arena.az xəbər verir ki, Azərbaycan klublarının rəqibləri hələ bəlli olmasa da, Bakıda baş tutacaq oyunların məkanı və başlama saatları, hətta hakim təyinatları da məlumdur.
Belə ki, “Sabah”ın avqustun 3-də keçiriləcək cavab matçı Masazırdakı “Əlincə” stadionunda (“Bank Respublika Arena”) baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək. UEFA bu oyunu İsveçrədən olan hakimlərə həvalə edib. Qarşılaşmanı Fedayi San idarə edəcək. Ona yan xətt hakimləri Yonas Erni və Yan Köbeli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sandro Şerer yerinə yetirəcək.
“Neftçi” də rəqibini eyni gündə Bakıda, “Bakcell Arena”da qəbul edəcək. Bu qarşılaşmaya isə saat 21:00-da start veriləcək. “Ağ-qaralar”ın matçı Macarıstandan olan hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanı baş hakimi FIFA referisi Balaş Berke olacaq. Ona yan xət hakimləri Balaş Buzas və Balaş Sert yardım edəcəklər. Dördüncü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.
Xatırladaq ki, “Neftçi” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda qalib müəyyənləşməyib – 2:2. Sözügedən komandaların cavab matçı məlum səbəblərdən bu gün elə Bakıda baş tutacaq.
“Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq. Hansı ki, latviyalılar ilk oyunda 1:0 hesablı qələbəyə seviniblər.
Sonda onu da qeyd edək ki, həm “Neftçi”, həm də “Sabah”ın Konfans Liqasının 2-ci təsnifat mərhələsindəki ilk görüşü iyulun 27-də səfərdə baş tutacaq.


