Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində təşkil olunan mərasimdə Azərbaycan çempionu “Neftçi”nin də ilk rəqibi bəlli olub.
Səpələnməmişlər sırasında yer alan paytaxt klubu 1-ci təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tiflis, Gürcüstan) və ya “Kayrat”la (Qazaxıstan) qarşılaşa bilərdi. Püşk nəticəsində “ağ-qaralar” Gürcüstan çempionuna rəqib olub. Azərbaycan çempionu ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.
İyunun 16-da “Neftçi”nin növbəti mümkün rəqibləri bəlli olacaq. Qaliblər üçün Çempionlar Liqasının, məğlublar üçün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.


