Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso DÇ-2026-nın 1/16 final mərhələsində Qana yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Kolumbiya yığması rəqibini 1:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi oyunu dəyərləndirib.
Nestor Lorenso komandasının ilk növbədə müdafiədə göstərdiyi oyundan razı qaldığını bildirib:
“Bir neçə təhlükəli epizod yaratdıq, lakin onları qola çevirə bilmədik. Buna baxmayaraq, müdafiədə necə oynadığımız çox xoşuma gəldi. Turnir ərzində demək olar ki, qol buraxmamağımızı yüksək qiymətləndirirəm”.
Mütəxəssis əvəzlənən komandanın kapitanı Xames Rodriqesin zədə almadığını da açıqlayıb:
“Xameslə hər şey qaydasındadır. O, zədə almayıb. Dəyişiklik tamamilə taktiki qərar idi. Bundan başqa, bir neçə futbolçumuzda qripə bənzər simptomlar müşahidə olunurdu”.
Nestor Lorenso əlavə edib ki, matçı zədə ilə başa vuran yeganə futbolçu hücumçu Con Kordoba olub. Onun vəziyyəti tibbi müayinədən sonra dəqiqləşəcək.
Kolumbiya millisinin çalışdırıcısı 1/8 finaldakı rəqib İsveçrə barədə də danışıb:
“Çox yaxşı təşkilatlanmış komandadır. Yarımmüdafiə və hücum xəttində yüksək səviyyəli futbolçuları var. Bizi çox çətin oyun gözləyir”.
Qana millisinin baş məşqçisi Karlos Keyroş isə rəqibin qələbəsinin ədalətli olduğunu etiraf edib:
“Ümumilikdə Kolumbiya oyuna daha yaxşı nəzarət edirdi. Onların pas oyunu və meydandakı hərəkətliliyi bizim fiziki gücümüzə də təsir göstərdi. Bununla belə, futbolçularım böyük istək və fədakarlıq nümayiş etdirdilər, rəqibə təzyiq göstərməyə və hücumlar qurmağa çalışdılar. Sadəcə, son ötürmə və son zərbələrdə lazım olan keyfiyyəti göstərə bilmədik. Məncə, bu görüşdə daha yaxşı komanda qalib gəldi”.
Qeyd edək ki, Kolumbiya millisi 1/8 finalda İsveçrə ilə qarşılaşacaq. Görüş iyulun 7-də Kanadanın Vankuver şəhərində keçiriləcək.


