Neymarın yeni zədəsini sağaltma müddəti bəlli oldu

“Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymarın aldığı yeni zədədən sağalması üçün gərək olan müttəd məlum olub.

Arena.az xatırladır ki, “Ney” Asiya Çempionlar Liqasında “İstiqlal”la (Tehran) oyunda (3:0) zədələndikdən sonra, ən azı iki həftə meydana çıxa bilməyəcək.

Bu barədə “Əl-Hilal”ın baş məşqçisi, portuqal mütəxəssis Jorje Jezuş məlumat verib:

“Neymar ən azı iki həftə yaşıl meydanlardan kənarda qalmalıdır. Tibbi nöqteyi-nəzərdən onun dizi sağalıb, amma bundan sonra uzun müddət oynamadığı üçün, bu oyundakı kimi çətinlikləri, əzələ fəsadları olacaq”, – nüfuzlu fransız nəşri “L’Équipe” Jezuşdan sitat gətirir.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə Braziliya klubunun əsas komandasında çıxış edib. Bu müddət ərzində Neymar “balıqlar”ın heyətində 225 oyuna çıxıb, 136 qol və 64 məhsuldar ötürmə ilə fərqlənib.

Xatırladaq ki, braziliyalı futbolçu ötən il DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alaraq, dizinin çarpaz bağlarını yırtmış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. “Ney” ötən həftə Asiya Çempionlar Liqasının “Əl-Ayn”a qarşı oyununda nəhayət ki, yaşıl meydanlara qayıtmışdı.

Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.

Təcrübəli hücumçu ötən mövsüm “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 7 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.