“Monterrey” komandasının köməkçi məşqçisi Niko Sançes “İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messini təhqir edib.
Arena.az məlumat verir ki, hadisə komandaların CONCACAF Çempionlar Kubokunun 1/4 finalı çərçivəsində qarşılaşdığı, “Monterrey”in 2:1 hesablı qələbə qazandığı oyun bitdikdən sonra baş verib.
Oyunun sonunda “İnter Mayami”nin baş məşqçisi, argentinalı mütəxəssis Xerardo Martino başda olmaqla, “vağlar”ın futbolçuları – Lionel Messi, Luis Suares və Jordi Alba baş hakim Uolter Lopesdən narazılıqlarını onun özünə ifadə ediblər. Onlar “Monterrey”in baş məşqçisi Fernando Ortislə də mübahisə ediblər.
Daha sonra “Fox Sports” dərgisi Niko Sançesin münaqişəyə qarşılığının səs yazısını dərc edib: “Cırtdanı cin vurmuşdu, onda şeytan sifəti vardı. Yumruğunu üzümün qabağına çəkib dedi: “Sən özünü kim hesab edirsən?” Amma mən ona deyil, kənara baxdığım üçün vəziyyət daha da pisləşdi. Bu yazıq axmaq “Tata” Martino isə mənim qarşımda dayanıb və üyüdüb-tökürdü: “Ağlayacaqsan, gicbəsər? Ağlayacaqsanmı, axmaq? Gör bir, axmaq! Çox güman ki, bütün bu videoları siliblər, çünki onlar sadəcə olaraq dəhşətli görünürdülər. Bu, həqiqətən də ciddi idi”, deyə Niko Sançes bildirib.
Messi “İnter Mayami”yə 2023-cü ilin yayında PSJ-dən gəlib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 20 oyun, 17 qol və 7 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Messi yığmanın mütləq rekordçusudur.
Messi yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin argentinalı superulduz dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


