Noa Okafor və Samuel Çukvueze rəsmən “Milan”da!

İtaliyanın “Milan” klubu heyətini iki yeni futbolçu – hücumçu Noa Okafor və sağ cinah vingeri Samuel Çukvueze ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb.

Hər iki futbolçu ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.

“Milan” Avstriyanın “Zalsburq” klubundan aldığı Okafor üçün 14 milyon, İspaniya “Vilyarreal”ından gələn Çukvueze üçün isə 20 milyon avrosundan keçib. Okafor yeni komandasında 17, Çukvueze isə 21 nömrəli formanı geyinəcək.

Noa Okafor “Bazel”in yetirməsidir. Nigeriya əsilli isveçrəli futbolçu “Zalsburq”a 2020-ci ilin yanvarında 11.2 milyon avro qarşılığında keçib. 23 yaşlı hücumçu bu komandada 110 oyuna 34 qol vurub, 23 məhsuldar ötürmə müəllifi olub. O, İsveçrə yığmasında da 14 oyuna 2 qol vurub.

Samuel Çukvueze isə “Vilyarreal”ın öz yetirməsidir. 24 yaşlı nigeriyalı vinger La Liqa klubunun əsas komandasında 207 oyun keçirib, 37 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb. O, Nigeriya millisində də 28 oyuna 4 qol vurub.

“Milan” mərkəz müdafiəçisi Matteo Qabbiyanı isə “Vilyarreal”a icarəyə verib. 23 yaşlı italyan futbolçu 2024-cü ilin 30 iyununa kimi icarədə olacaq. “Milan”ın öz yetirməsi olan müdafiəçi daha öncə “Lukkeze”də də icarədə olub. İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu “Milan”ın əsas komandasında 51 oyun keçirib, 1 qol da vurub.

“Vilyarreal” Çukvuezeni Sörlotla əvəzlədi

“Vilyarreal” Almaniyanın “Leypsiq” klubunun hücumçusu Aleksandr Sörlotu da heyətinə qatıb. La Liqa təmsilçisi bu keçidə görə Almaniya klubuna 10 milyon avro ödəyib. 27 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.

Sörlot “Rusenborq”un yetirməsidir. Norveçli hücumçu karyerası ərzində “Bodo Qlimt”, “Qroningen”, “Midtyulland”, “Kristal Pelas”, “Gent”, “Trabzonspor”, “Real Sosyedad” kimi klubların da formasını geyinib. 2020-ci ildən “Leypsiq”də çıxış edən forvard bu komandada 38 oyuna 6 qol vurub, 3 assist edib. O, Norveç yığmasında da 49 oyuna 16 qol vurub.

“Vilyarreal” iki futbolçusunu – hücumçusu Arno Danjuma ilə sol cinah müdafiəçisi Xoan Moxikanı da icarəyə verib. Danjuma “Everton”a, Moxika “Osasuna”ya keçib. Onların hər ikisi qarşıdakı mövsümün sonuna kimi icarədə olacaqlar.

“Vilyarreal” Danjumanı 2021-ci ilin avqustunda 23,5 milyona avroya transfer etmişdi. Nigeriya əsilli niderlandlı futbolçu La Liqa klubunda 51 oyun keçirib, 22 qol vurub, 4 assist edib. 26 yaşlı hücumçu “Bornmut”, “Neymegen”, “Brügge”, “Tottenhem” kimi klublarda da forma geyinib. O, Niderland yığmasında 6 oyuna 2 qol vurub.

Xoan Moxika isə ötən ilin sentyabrında “Elçe”dən 5,5 milyona alınmışdı. 30 yaşlı kolumbiyalı futbolçu “Vilyarreal”da 27 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Jirona”, “Valyadolid”, “Elçe”, “Rayo Valyekano”, “Deportivo Kali” və “Atalanta” kimi klubların da formasını geyinib. Təcrübəli oyunçu Kolumbiya yığmasında 22 oyun keçirib, 1 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: