Portuqal mütəxəssis Nuno Espirito Santo Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasının baş məşqçisi vəzifəsini tərk edib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Səudiyyə Ərəbistanı klubu portuqal mütəxəssisə komandanı çalışdırdığı müddətdə göstərdiyi xidmətlərinə görə təşəkkür elan edib. Komandanın növbəti oyun üçün hazırlığına köməkçi məşqçi Həsən Xəlifə rəhbərlik edəcək.
Xatırladaq ki, 49 yaşlı mütəxəssis “Əl-İttihad”ı 2022-ci ilin iyulundan çalışdırırdı. O, “Əl-İttihad”a Səudiyyə Ərəbistanı çempionluğunu və Super Kubokunu qazandırıb. Lakin bu mövsüm sözügedən komanda ölkə çempionatında 12 turdan sonra 21 xalla 6-cı pillədə qərarlaşıb ki, bu da rəhbərliyi qane etməyib. Espirito Santo “Əl-İttihad”ı bütövlükdə 52 oyuna çıxarıb. Komanda bu oyunlarda 36 qələbə qazanıb, 9 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, bu mövsüm “Əl-İttihad”da Kərim Benzema və Nqolo Kante kimi ulduz futbolçular çıxış edirlər.
Nuno Espirito Santo daha öncə “Tottenhem”, “Rio Ave”, “Valensiya”, “Portu” və “Vulverhempton”a da rəhbərlik edib. Onun xüsusilə “Vulverhempton”dakı fəaliyyəti daha uğurlu alınıb.
“Əl-İttihad” klubu artıq yeni baş məşqçi axtarışına çıxıb. İddiaya görə, klub rəhbərliyi “Roma”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyonu komandanı çalışdırmağa dəvət etməkdə maraqlıdır.
Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Onun rəhbərliyi altında paytaxt klubu 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar (1:1, 1:4).
Joze Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Roma”ya qədər “Mour” “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.


