Son olaraq İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi olmuş Nuno Espirito Santo özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, Portuqaliyadan olan 48 yaşlı mütəxəssis bundan sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına rəhbərlik edəcək.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. O, bu postda istefaya göndərilən Kosmin Kontranı əvəz edib.
Nuno Espirito Santo ötən ilin noyabrından bəri işsiz idi. O, 2021-ci ilin iyun ayında “Tottenhem”in baş məşqçisi təyin olunsa da, noyabrda istefaya göndərilmişdi. Portuqaliyalı məşqçi daha öncə “Rio Ave”, “Valensiya”, “Portu” və “Vulverhempton”a da rəhbərlik edib. Onun xüsusilə “Vulverhempton”dakı fəaliyyəti daha uğurlu alınıb.


