Orxan Qurbanlı üçün 83 dəqiqə və 1 xal

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” bu gün ölkə çempionatının 2-ci turu çərçivəsində doğma meydanda “Sfintul George” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu “Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.

“Neftçi”nin yetirməsi olan Orxan Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 2 oyunda 1 xal toplayıb və 8 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.