Stüardların diqqətindən yayınaraq meydana girmiş pərəstişkarı PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappeni qucaqlayıb.
Arena.az xəbər verir ki, hadisə parislilərin “Milan”ı “Park de Prens”də 3:0 hesabı ilə əzişdirdikləri Çempionlar Liqasının 3-cü tur oyunu zamanı baş verib.
Məqam birinci hissədə yaşanıb. Fürsət tapmış pərəstişkarı meydana girərək Mbappeni qucaqlamağa müvəffəq olub və Kilian pərəstişkarının hisslərinə qarşılıq verib. Daha sonra qayda-qanunu pozmuş xoşbəxt azarkeş meydanı tərk edib.
Xatırladaq ki, bu oyunda Mbappe 32-ci dəqiqədə hesabı açıb. Parislilərin digər qollarını 54-cü dəqiqədə Randal Kolo Muani və 89-cu dəqiqədə Li Kan İn vurub. Qələbə sayəsəində PSJ 6 xalla qrup liderliyini ələ keçirib.
Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində 11 oyuna çıxıb, 10 qol vurub, 1 məhsuldar ötürmə verib.
Mpappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 73 oyun keçirib, 43 qol vurub, 26 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.



