Pau Kubarsi zədələndi, İspaniya millisini tərk etdi

“Barselona”nın 18 yaşlı mərkəz müdafiəçisi Pau Kubarsi zədə səbibilə İspaniya yığmasının düşərgəsini tərk etməli olub.

Arena.az bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidmətinə istinadən məlumat verir.

Kubarsi UEFA Millətlər Liqasının 1/4 finalının Niderland yığması ilə səfərdə keçirilmiş ilk oyununda (2:2) zədə alaraq, 41-ci dəqiqədə əvəzlənib.

“İspaniya Kral Futbol Federasiyasının tibb xidmətinin keçirdiyi müayinədən sonra, oyunçunun, Niderland yığması ilə oyunu başa vurmasına mane olmuş, sağ topuğunun zədəsindən bərpa olmaq məqsədilə öz klubu “Barselona”ya qayıtması qərara alınıb”, – İspaniya Kral Futbol Federasiyasının rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, daha əvvəl, İspaniya Kral Futbol Federasiyasının, Niderland yığması ilə martın 23-də keçiriləcək cavab oyununa qədər Kubarsinin İspaniya yığmasının düşərgəsində qalmasını istəməsi haqda məlumat yayılmışdı.

Əlavə edək ki, Kubarsinin bərpa müddəti haqda məlumat açıqlanmayıb.

Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Kubarsinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 42 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Gənc müdafiəçinin “Barselona” karyerası ümumilikdə 65 oyun, 1 qol və 4 məhsuldar ötürmədən ibarətdir.

Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyun keçirib, 1 məhsudlar ötürmə verib.

Kubarsinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Super Kuboku (2024/2025) İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku, 2024-cü il Olimpiya futbol turnirinin qızıl medalı var.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: