Futbol üzrə Almaniya çempionu “Bayern”in hücumameyilli yarımmüdafiəçisi Paul Vanner bundan sonra PSV-nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə Niderland təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
19 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalayıb. Eyndhoven klubu bu transfer üçün Almaniya çempionuna 15 milyon avro ödəyib.
Paul Vanner “Bayern”in yetirməsidir. Almaniyalı futbolçu Münhen klubunun əsas komandasında cəmi 8 oyun keçirib, heç bir məhsuldarlıq nümayiş etdirməyib.
Vanner 2024/2025 mövsümündə “Haydenhaym”da (Almaniya) icarə əsasında oynayıb. O, 41 matçda 6 qol vurub, 4 məhsuldar ötürmə verib. 2023/2024-cü illər mövsümündə isə futbolçu “Elversberq”də icarədə olub – 28 oyun, 6 qol, 3 assist.
Almaniyalı futbolçu bu ölkənin U-17, U-18, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.



