Pol Poqba: “Fransa yığmasına qayıtmaq istəyirəm”

“Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqba dopinq qadağası başa çatdıqdan sonra futboldakı məqsədlərindən və arzularından danışıb.

Arena.az jurnalist Alfredo Pedullanın (Pedulla) “Free Foot” dərgisinə etdiyi istinad əsasında fransalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Mənim əsas məqsədim yenidən əla formada olmaqdır. Bu, görüləbilən bir işdir, amma azacıq vaxt tələb edə bilər. Mənim həm də Fransa yığmasına qayıtmaq arzum var. Ancaq gerçəkçi olmalıyıq: yığma komandada öz yerlərinə layiq olan futbolçular var, mən isə onlara hörmətsizlik etmək istəmirəm. Mən əvvəlki vəziyyətimə qayıtmalıyam, bu, sadədir”, deyə Poqba bildirib.

Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq müayinəsindən müsbət nəticə ilə keçib. Fevralın 29-da antidopinq məhkəməsi Poqbanın 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın futbolçu fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu müvafiq qərardan apellyasiya şikayəti vermişdi. Artıq məlum olduğu kimi, İdman Arbitraj Məhkəməsi (CAS) Poqbanın dopinq istifadəsi ilə bağlı cəzasının müddətini azaldıb. Fransalı futbolçunun cəza müddəti daha əvvəl təyin edilmiş 4 il müddətindən 1 il 6 aya endirilib.

Poqbanın cəzası 4 ildən 18 aya endirildikdən sonra fransalı futbolçuya 2025-ci ilin martında rəsmi oyunlara qayıtmaq imkanı verilib.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib. Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba “Yuventus”un heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.

Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: