“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz “Real”ın və İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellingemdən danışıb.
Arena.az “talkSport” dərgisinə istinadən məlumat verir ki, o, Bellingemin karyerasının inkişafı ilə bağlı fikirlərini bölüşüb:
“Biz “Mançester Yunayted”də onunla müqavilə bağlamağa yaxın idik, amma o, Dortmund “Borussiya”sına getməyə qərar verdi. Bu, son ikicə ildə baş verənləri nəzərə alsaq, düzgün qərar kimi görünür. Bu, onun tərəfindən həqiqətən də cəsarətli bir gediş idi. O, çox iradəli və qətiyyətli bir oğlan, çox istedadlı peşəkar oyunçu kimi görünür. Bu, inanılmazdır, amma onun buna uyğun xasiyyəti var. Onu heç nə narahat etmir. O, dünyanın ən böyük klublarından birinə, “Real”a keçdi, Lakin özünü sanki “Birmingem”də oynayırmış kimi aparır”, deyə Pol Skoulz da futbol dünyasından bir çoxları kimi Bellingemdən razılıqla danışıb.
Xatırladaq ki, Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Cari mövsümdə Bellingem “qaymaqlılar”ın heyətində 10 oyunda 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 26 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 120 milyon avro məbləğində qiymətləndirir.