Premyer Liqa: 2023-cü ilin son turuna Qəbələdə start verilir

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023-cü ilə təsadüf edəcək sonuncu – 18-ci tura start veriləcək.

Arena.az xəbər verir ki, ilin son turunun ilk oyunu Qəbələdə baş tutacaq.

Burada şəhərin eyniadlı komandası “Sabah”ı qəbul edəcək. Bu ilin yayında Azərbaycanı avrokuboklarda təmsil etmiş bu iki komanda Premyer Liqanın 2023/2024 mövsümündə heç də uğurlu çıxış edə bilmir. Xüsusilə də “Qəbələ”nin durumu daha ciddidir. Keçirdiyi 17 oyunda cəmi 11 xal qazanmış əyalət təmsilçisi hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. 22 xala malik “Sabah” isə 7-cidir.

Qəbələ şəhər stadionunda keçiriləcək görüş iki komanda arasında 25-ci matç olacaq. Buna qədər rəqiblər ümumilikdə 24 dəfə görüşüblər. Əvvəlki oyunlarda “Qəbələ” 9 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib və 12 dəfə uduzub. İndiyədək keçirilən 24 matçdan 20-si çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 12 qarşılaşmadan xalsız ayrılıb. “Qəbələ” evdə keçirdiyi 11 görüşdə 4 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə dueldən xalsız ayrılıb.

Xatırladaq ki, “Qəbələ” – “Sabah” oyunu saat 16:00-da başlayacaq. Qarşılaşmanın hakimləri hələ məlum deyil. Çünki AFFA Hakimlər Komitəsi ilin son turu üçün hakim təyinatlarını hələlik, açıqlamayıb.

Premyer Liqa
18-ci tur
22 dekabr

“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 16:00.

23 dekabr

“Turan Tovuz” – “Araz-Naxçıvan”
Tovuz şəhər stadionu, 16:00.

“Sumqayıt” – “Səbail”
“Sumqayıt Arena”, 18:30.

24 dekabr

“Neftçi” – “Kəpəz”
Bakı. “Neftçi Arena”, 16:00.

“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu, 18:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: