Premyer Liqa: “Sumqayıt”la “Sabah”ın dörd gündə ikinci dueli

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 2-ci turundan təxirə salınmış oyun keçiriləcək.

Arena.az xəbər verir ki, “Sumqayıt” doğma meydanda “Sabah”ı qəbul edəcək.

Bu komandalar arasında ilk dövrədə keçirilməli olan görüş paytaxt klubunun avrokubokda iştirakı səbəbindən təxirə salınmışdı. Tərəflər cəmi dörd gün əvvəl ikinci dövrənin açılış oyununda üz-üzə gəlmişdilər. Həmin oyunda “Sabah” qələbə qazanmışdı – 3:1. İndi “Sumqayıt” həmin azarkeşlərinin də dəstəyi sayəsində həmin məğlubiyyəti unutdurmağa çalışacaq.

Turnir cədvəlində 7-8-ci yerlərdə qərarlaşan rəqiblərdən kim qalib gəlsə, turnir mövqeyini azı bir pillə yaxşılaşdıracaq, həmçinin biri digəri üzərində üstünlük əldə edəcək. Xüsusilə “Sabah”ın artıq özünə gəldiyini vurğulamaq olar. Murad Musayevin baş məşqçisi olduğu kollektiv son 4 matçda uduzmayıb və ötən həftə əldə etdiyi 3 xalla nəhayət, uzun – iki ay yarım davam edən qələbəsizlik seriyasına son verib.

“Sumqayıt”la “Sabah” indiyə qədər 20 oyunda üz-üzə gəliblər. Bu oyunlarda “kimyaçılar” 6, “bayquşlar” 11 qələbə qazanıblar, 3 görüşdə isə heç-heçə qeydə alınıb. Son üç görüşün hərəsində 4 qol vurulub. 8 oyundur uduzmayan “Sabah” son 5 matçda üç və ya daha çox qol vuraraq qalib gəlib.

Premyer Liqa
2-ci turun oyunu
25 oktyabr

18:30. “Sumqayıt” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: