PSJ hücumçu axtarışındadır və “Tottenhem”dən Harri Keyn parislilərin cari transferlər siyahısında birincidir.
Arena.az bu barədə “The Telegraph”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, PSJ rəhbərliyi cari yay transfer pəncərəsində mümkün olacağı halda, komandanı iki hücuymçu ilə gücləndirmək fikrindədir. Parislilər artıq müxtəlif mövqelərə müvafiq çoxlu sayda yaxşı oyunçu ilə müqavilə imzalayıblar və hazırda parislilərin gücləndirilməsi vacib olan yeganə sahəsi hücum xəttidir. Duşan Vlahoviç, Viktor Osimhen və Qonsalo Ramos da daxil olmaqla, bir çox adlar fransız klubu ilə əlaqələndirilir, amma Harri Keyn bu siyahıda bir nömrədir.
Həmçinin parislilərin Keynə olan marağının Kilian Mbappenin mümkün gedişi ilə heç bir əlaqəsi olmadığı vurğulanır. Fransız ulduz PSJ-də qalsa belə, bu heç nəyi dəyişməyəcək.
Digər tərəfdən “Bayern”in ingilis hücumçuya böyük marağına və bu marağını təmin etmək üçün ciddi əməli fəaliyyətinə rəğmən, Paris nəhəngi Keynə görə ən yaxşı təklifi edə biləcəyinə əmindir. PSJ-nin prezidenti Nasser Əl-Xelaifi artıq “mahmızlar”ın rəhbərliyi ilə ilkin danışıqlar aparıb. İndi son sözün Keynin qərarından asılı olduğu deyilir.
Harri Keyn “Tottenhem”in yetirməsidir və 2011-ci ildən əsas komandada çıxış edir.
Geridə qalmış 2022/2023 mövsümündə Harri Keyn “mahmızlar”ın heyətində 49 oyun keçirib, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.


