PSJ Kilian Mbappe üçün “qapı-qapı yalvarır”

Fransa çempionu PSJ nəhayət ulduz hücumçusu Kilian Mbappe ilə yollarını ayırmaq və onu satmaq qərarına gəlib.

Arena.az “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi daha Mbappeni bu qədər bahalı transfer məbləğini ödəmək iqtidarında olan klublara birbaşa təklif etməyə başlayıb.

İddialı Madrid “Real”ı istisna olmaqla hələ, heç bir klub hücumçu ilə bağlı konkret təkliflə parislilərə müraciət etməyib.

Daha əvvəl, “Real”ın mümkün transfer üçün 200 milyon avro ayıra biləcəyi haqda məlumat yayılmışdı. “Çelsi” və “Mançester Yunayted”in isə fransız hücumçu ilə bağlı istəyi yalnız maraq çərçivəsində təzahür etmişdi.

Xatırladaq ki, Mbappe 2024/2025 mövsümü üçün PSJ ilə müqaviləsini avtomatik qaydada yeniləyən müvafiq bəndə qol qoymayıb. Bu isə fransız hücumçunun 2024-cü ilin iyununda azad agent olmasına imkan verəcək. PSJ Mbappeni havayı itirməmək üçün hücumçunun satışında maraqlıdır.

2022/2023 mövsümündə Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib və parislilərlə Fransa çempionluğunu qazanıb.

Vurğulayaq ki, 24 yaşlı Kilian Mbappe PSJ-nin tarixində ən yaxşı bombardirdir.

“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: