PSJ Kilian Mbappenin açıqlamasından narazıdır: “Aşağılıqdır”

PSJ, Fransa nəhənginin fransalı sabiq hücumçusu Kilian Mbappenin Paris klubu haqqında səsləndirdiyi sözlərdən narazıdır.

Arena.az xatırladır ki, daha əvvəl Mbappe, klubun onu daha meydana buraxmayacağı ilə hədələdiyini bildirmiş, həmçinin klubdakı bəzi məqamların onu əsəbləşdirdiyini də əlavə etmişdi.

“Le Parisien” dərgisi Fransa nəhənginə yaxın mənbənin dilindən Paris klubunun Mbappenin bu fikirlərinə mövqeyini açıqlayıb:

“Bu, aşağılq idi. Nasser Əl-Xelaifi (klub prezidenti) heç vaxt komandaya heç bir şərt diktə etməyib. Bu barədə hətta Luis Enrike özü də danışdı, amma buna rəğmən, Mbappe nəsə deyir və hamı bunu həqiqət kimi qəbul edir”, deyə mənbə bildirib.

Daha əvvəl mətbuatda, Kilian Mbappenin Paris klubunda ikən Nasser Əl-Xelaifi ilə münaqişəsi olduğu barədə məlumat yayılmışdı.

Xatırladaq ki, iyunun 3-də “Real” fransalı ulduz hücumçu ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: