Kilian Mbappenin PSJ-də qalacağı təqdirdə klubun öz ulduzunu Çempionlar Liqasının iştirak ərizəsinə daxil edib-etməyəcəyi də sual doğurur.
Arena.az xəbər verir ki, müvafiq məlumatı italyan jurnalist-insayder Fabrisio Romano təhlil edib və açıqlayıb:
Mənbənin məlumatına görə, PSJ rəhbərliyi komandanın tərkibi ilə bağlı hələ heç bir qərar verməyib. Müvafiq qərarın zamanı gəlincə qəbul edilib futbol ictimaiyyətinə açıqlanacağı bildirilir.
Həmçinin, heyətin istənilən seçimi qaydalara müvafiq olacaq və seçim hər hansı digər əsasdan qaynaqlanmayacaq, qərar yalnız idmani əsaslara dayanacaq. Bu məsələnin indi deyil, avqust ayında müzakirə ediləcəyi vurğulanır.
Xatırladaq ki, PSJ rəhbərliyi Mbappenin “Real”la gizli razılığa gəldiyi qənaətini hasil edərək, fransalı ulduz hücumçunu komandanın Yaponiyada keçirəcəyi təlim-məşq toplanışından xaric edib. Bununla yanaşı, PSJ rəhbərliyi komandanın daha Mbappe ilə oyuna çıxmaması haqda tədbiri nəzərdən keçirir. Klub ulduz futbolçusunu transferə çıxarıb.
Bir qədər əvvəl Kilian Mbappenin klubla müqaviləsini yeniləməmək qərarı müqabilində, PSJ-nin ulduz futbolçuya yazdığı cavab məktubunun mətni mətbuata açıqlanmışdı.


