Fransa çempionu PSJ komandanın ulduz hücumçusu, klubla yeni müqavilə bağlamaq istəməyən Kilian Mbappeyə yeni məktub ünvanlayıb.
Arena.az bu barədə “L’Equipe” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, məktubun məzmununda fransalı ulduzun 2024-cü ildə komandanı azad agent qismində tərk edəcəyi halda, klubda baş verəcək nəticələr təsvir edilib.
Məktuba görə, PSJ Mbappeni əmin edir ki, fransalı ulduz klubdan azad agent qismində ayrılarsa, Paris təmsilçisi bir neçə futbolçusunu satışa çıxarmalı, gənc futbolçuların inteqrasiya prosesini yenidən nəzərdən keçirməli və çox güman ki, bir çox işçisini ixtisar etməli olacaq.
Daha əvvəl Mbappenin cari yay transfer pəncərəsində PSJ-dən ayrılmaq fikrində olmadığı bildirilirdi.
Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Ulduz futbolçu müqaviləsini daha bir mövsüm uzatmamaq haqda qərarını artıq açıqlayıb.
Hazırda PSJ ilk cəza tədbiri kimi, Mbappeni komandanın baş məşqçisi Luis Enrikenin çalışdırdığı əsas heyətdən ayıraraq, ulduza transferə çıxarılmış oyunçuların dəstəsində məşqlər təyin edib.
Rəhbərlik Mbappenin müqaviləsini yeniləmədən klubda qalacağı halda, ulduz futbolçunu qarşıdakı mövsümdə turnirlərdən xaric etmək planı haqda tədbir görür.


