PSJ Mbappeni Səudiyyə Ərəbistanı klublarına satır?

Səudiyyə Ərəbistanının futbol rəhbərliyi PSJ-nin fransalı hücumçusu Kilian Mbappeni yerli liqa klublarından birinə dəvət etmək istəyir.

Arena.az bu barədə jurnalist-insayder Ben Ceykobsa istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı futbol rəhbərləri artıq Mbappenin transferi üçün təklif hazırlayıblar. Ərəbistan futbolunun başbilənləri fransız ulduzun bir ildən sonra “Real”a mümkün keçidi halında belə, Mbappe ilə müqavilə imzalamağa hazırdırlar.

Mbappe özü karyerasını Avropada davam etdirməyi planlaşdırır və bu, onun Səudiyyə Ərəbistanına mümkün keçidini sual altına qoyur. Amma PSJ ulduz hücumçusunu ərəb ölkəsinə satmağın əleyhinə deyil.

Xatırladaq ki, bir qədər əvvəl PSJ rəhbərliyi Mbappenin adını klubun Yaponiyada keçirəcəyi mövsümöncəsi təlim-məşq toplanışına aparacağı heyətdən xaric edib. Mbappe klubun bu addımından təəccübləndiyini bildirib. Həmçinin Fransa nəhəngi Mbappenin “Real”la gizli razılığa gəldiyi qənaətindədir və bu səbəbdən PSJ ulduz hücumçusunu transferə çıxarıb. Daha bir məlumatda isə PSJ-nin Mbappenin iştirakı ilə daha heç bir oyun keçirməmək variantını təhlil etdiyi deyilir.

Hadisələrin məhz belə inkişafı Səudiyyə Ərəbistanının futbol rəhbərlərini tam qane edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: