PSJ-nin idman müşaviri Səudiyyə Ərəbistanından nəhəng təklif aldı

PSJ-nin idman müşaviri Luis Kampos Səudiyyə Ərəbistanı Futbol Federasiyasından (SAFF) nəhəng – 200 milyon avro məbləğində təklif alıb.

Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.

Ötən həftə İsveçrədə Kamposun təmsilçiləri ilə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının nümayəndələri arasında danışıqlar baş tutub.

Portuqal mütəxəssisə 10 illik müqavilə ilə illik 20 milyon avro məbləğində təklif təqdim edilib. Kamposun qarşısında Səudiyyə Ərəbistanı milli futbol komandasını çalışdırmaq və 2034-cü ildə bu ölkədə keçiriləcək dünya çempionatında yarımfinala çıxarmaq tələbi qoyulub.

Razılaşmaya mütləq nəticə tələbi ilə aralıq mərhələlər də daxil edilib.

Luiş Kampos cari ilin dekabr ayının 31-ə qədər müvafiq təklifi qiymətləndirməli və yekun qərarını Səudiyyə Ərəbistanına bildirməlidir.

Vurğulanır ki, Kampos bu təklifə rəsmi imza atmayıb və hələ də PSJ-də qalmağa üstünlük verir. Amma Paris klubu ilə bağlı da fəsad ortaya çıxıb. Belə ki, Kamposun PSJ ilə müqaviləsinin müddətinin uzadılması, tərəflərin maliyyə şərtləri ilə bağlı məsələdə ortaq dil tapa bilməməsi səbəbindən dalana dirənib.

Əlavə edək ki, Kamposun ətrafı ilə “Arsenal” və “Çelsi” klubları da əlaqəyə çıxıblar. Öz növbəsində PSJ də Madrid “Atletiko”sunun keçmiş idman direktoru Andrea Berta ilə əlaqə saxlayıb.