PSJ ulduz hücumçusu Kilian Mbappeni “Real”a satacağı halda, “Kral klubu”na sövdələşmə zamanı qiymətdə güzəştə getməyəcək.
Arena.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Ben Ceykobs əldə edib.
Mənbənin məlumatına görə, PSJ rəhbərliyi Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının Mbappeyə görə təklif etdiyi 300 milyon avroya bərabər təklif alacağına əmin deyil və müvafiq təklifləri gözləmir. Buna rəğmən, Fransa nəhəngi Mbappenin “Real”a transferinin baş tutacağı halda, ulduz futbolçusunu ucuz satmayacağı məlum olub. Paris klubunun bu sövdələşmə zamanı qiymətdə də güzəştə getməyəcəyi bildirilir.
PSJ rəhbərliyi Mbappe ilə “Real” arasında gizli razılaşmanın əldə edildiyinə əmindir. Bu razılaşmaya görə, Mbappe Madridə 2024-cü ilin yayında azad agent olaraq yollanmalıdır. Eyni zamanda son qərarını vermək üçün ulduz futbolçunun çox az vaxtı var. Mbappenin PSJ ilə müqaviləsini daha bir il uzatmaq haqda son qərarını vermək üçün son tarix avqustun 1-də tamam olacaq. PSJ-də Mbappenin müqaviləsini yeniləməyəcəyinə tam əmindirlər.
Xatırladaq ki, PSJ Liqa 1-in 2023/2024 mövsümünün ilk turu çərçivəsində avqustun 12-də “Loryan”ı qəbul edəcək. Mbappenin bu oyunda iştirakı sual altındadır. PSJ azarkeşlərinin Mbappeyə münasibətinin bu oyundan sonra necə olacağı da maraq doğurur ki, mütəxəssislər bunun ulduz futbolçu üçün heç də xoş olmayacağını təxmin edirlər.
Daha əvvəl “Real”ın La Liqanın yeni mövsümü başlamazdan əvvəl Mbappenin transferi ilə bağlı məsələni öz xeyrinə həll etmək istəyi haqda məlumat yayılmışdı. “Real” 2023/2024 mövsümünə avqust ayının 12-də Bilbaoda “Atletik”ə qarşı oyunla başlayacaq.
Hazırda PSJ rəhbərliyi komandanın bir daha Mbappe ilə meydana çıxmaması tədbiri haqda düşünür. Həmçinin Mbappe müqaviləsini yeniləmədən klubda qalacağı halda, PSJ ulduzunu qarşıdakı mövsüm UEFA Çempionlar Liqasının iştirak ərizəsinə salmayacağını bildirib.
Mbappe ətrafında qeyri-müəyyən vəziyyətə baxmayaraq, insayderlər məsələnin yaxın günlərdə həllini tapacağını təxmin edirlər.


