PSJ “Real”la Kilian Mbappe haqda danışıqlar aparır?

Fransa nəhəngi PSJ-nin transferə çıxardığı hücumçusu Kilian Mbappe haqda Madrid “Real”ı ilə danışıqlar apardığı deyilir.

Arena.az xəbər verir ki, bu barədə “PSG Community” “Twitter” hesabı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, PSJ-nin qətərli rəhbərliyi Mbappenin klubla yeni müqavilə bağlamaq istəyində olmadığından hələ ötən həftə xəbərdar olub. Məhz bu səbəbdən klub sabiq baş məşqçi Kristif Qaltyenin yerinə yeni namizədi müəyyənləşdirə bilmir.

Yaranmış vəziyyətdə PSJ rəhbərliyi Mbappeni havayı itirmək istəmir və bu səbəbdən parislilərin “Real”ın prezidenti Florentino Pereslə əlaqə yaratdığı deyilir. Madrid klubundan Mbappe barədə danışıqlara hazır olduğu haqda məlumat gəlib. PSJ Mbappeni 200 milyon avrodan ucuz satmaq fikrində deyil.

2022/2023 mövsümündə Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib və parislilərlə Fransa çempionluğunu qazannıb. Geridə qalmış mövsümdə Mbappe həm də PSJ-nin tarixində ən yaxşı bombardir olmağı bacarıb.

Xatırladaq ki, daha əvvəl Mbappenin müqaviləsini yeniləməmək istəyi haqda kluba ünvanladığı məlumat ictimaiyyətə sızmış, PSJ rəhbərliyinin bundan qəzəblənərək hücumçunu transferə çıxardığı haqda məlumat yayılmışdı. Maraqlıdır ki, daha bir məlumatda parislilərin Mbappenin heç bir halda “Real”a keçməsini istəmədiyi də deyilirdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: