Azərbaycan Premyer Liqasının cari mövsümündə işləri qaydasında getməyən “Qəbələ”nin daha bir futbolçusu – Omar Hani də sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Qəbələ” Premyer Liqanın 13-cü turunun sabah keçiriləcək oyununda “Zirə” ilə qarşılaşacaq. “Qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son matçını səfərdə keçirəcək.
Səfər matçının hazırlığında “qırmızı-qaralar”ın 4 futbolçusu iştirak etməyib. Fares Abu Akel, Asif Məmmədov və Emil Səfərov bərpa prosesini davam etdirirlər. Omar Hani isə məşqdə əzələsi dartıldığı üçün hazırlığa qatılmır.
Xatırladaq ki, sabah Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qəbələ” matçına saat 16:30-da start veriləcək.
Bakıda baş tutacaq bu qarşılaşma rəqiblərin ümumilikdə 35-ci dueli olacaq. Əvvəlki 34 oyunda üstünlük “Qəbələ”nin tərəfindədir. 14 qələbəsi olan bu komanda eyni sayda heç-heçəyə imza atıb və 6 dəfə uduzub. “Zirə” ilə matçlarda 46 qol vuran “qırmızı-qaralar” 28 top buraxıblar. Bu görüşlərdə “Qəbələ”nin ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. Ülvi İsgəndərovun hesabında üç top var.
İndiyə qədər keçirilən 34 görüşdən 32-si çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 12 dəfə qalib gələn “Qəbələ” 14 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 39 qol vuran “qırmızı-qaralar” 27 top buraxıblar.
18-ci dəfə “Zirə”nin qonağı olacaq “Qəbələ” rəqib meydanında 6 dəfə qələbə qazanıb, 6 heç-heçə edib və 5 dəfə məğlubiyyət alıb. “Qırmızı-qaralar” bu görüşlərdə 23 qol vurub və 18-nı buraxıb.


