Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Qəbələ”nin 2023/2024 mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Arena.az xəbər verir ki, Premyer Liqanın 18-ci turunun dekabrın 22-də keçirilmiş “Sabah”la oyunundan (1:0) sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2024-cü il yanvarın 4-də Qəbələdə bir araya gələcək.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışı müddətində iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ” yanvarın 10-da “Kəpəz”lə üz-üzə gələcək. Komanda 5 gün sonra özünün əvəzediciləri ilə qarşılaşacaq.
Hər iki oyun Qəbələdə olacaq. Matçların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək 19-cu turun oyunları ilə start veriləcək. “Qəbələ” qış fasiləsindən sonrakı ilk matçını doğma meydanda “Sumqayıt”a qarşı keçirəcək.
Baxşıyevin komandası cari mövsümdə keçirdiyi 18 oyunda 4 qələbə qzanıb, 2 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. Əyalət təmsilçisi topladığı 14 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.


