“Qarabağ”ın əvəzedici komandasının şənbə günü keçirilən məşqi zamanı futbolçu Şirxan Həsənzadənin səhhətində problemlər yaranıb. Arena.az xəbər verir ki, hazırlıq prosesi zamanı ürəyi gedən gənc oyunçu dərhal xəstəxanaya çatdırılıb və müalicəsi davam edir.
“Qarabağ” rəhbərliyi xoşagəlməz hadisənin komandanın digər oyunçularına da psixoloji cəhətdən təsirsiz ötüşməməsi üçün növbəti oyunun təxirə salınmasına qərar verib. Belə ki, klub Birinci Divizionun 26-cı turunda “Kəpəz”in əvəzedicilərinə qarşı keçiriləcək matçın təxirə salınması üçün Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
PFL rəhbərliyi də onların bu istəyini müsbət cavablandırıb. Qurum “Qarabağ”ın müraciəti, “Kəpəz”in razılığını nəzərə alaraq 26 apreldə baş tutmalı olan oyunu təxirə salıb. “Kəpəz” və “Qarabağ”ın ikinci komandaları arasındakı oyunun keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək.


