Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Portuqaliya çempionatının 18-ci turu çərçivəsində “Famalikan”la qarşılaşıb.
Səfərdə baş tutan bu oyun Braqanın eyniadlı təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1. 62-ci dəqiqədə penaltidən hesabı açan meydan sahibləri bu üsünlüyü qoruya bilməyiblər. “Qarabağ”ın rəqibi 73-cü dəqiqədə Kristian Borxa və 90+11-ci dəqiqədə Alvaro Djalonun vurduğu qollar sayəsində səfərdən qələbə ilə qayıdıb. Bunda “Famalikan”ın 90+1-ci dəqiqədə azlıqda qalması da az rol oynamayıb.
Bu qələbədən sonra braqalılar 36 xalla 4-cü pillədə qərarlaşıblar. Bu komanda növbəti matçını yanvarın 23-də evdə Portuqaliya Liqa Kubookunda “Sportinq”ə qarşı keçirəcək.
Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun fevralın 15-də Portuqaliyada baş tutacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.


