Qurban Qurbanov: “Molde”nin maksimum səhvə məcbur etməliyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Molde”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hamımıza məlumdur ki, cəbhə bölgəsində terrorçulara qarşı mübarizə gedir. Şəhidlərimiz var, Allah rəhmət eləsin. Bəlkə də oyun barədə çox danışmağa ehtiyac yoxdur. Orada elə vəziyyət, biz oyundan danışırıq. Hər bir halda, matça hazırlaşmalıyıq. Çox ciddi rəqibə qarşı oynayırıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq.

Bəlkə də bu oyunun Bakıda olması uyğun deyildi. Nəinki sabah, bütün oyunlarımızda şəhidlərimizi fikirləşmişik. Dəfələrlə demişəm ki, komandanın adı dəyərlidir. Çalışmışıq ki, adımızı qoruyub-saxlayaq. Sabah bəlkə futbolçulara hansısa psixoloji təsir ola bilər. İstər-istəməz belə olacaq. Belə hal olmuşdu, oyuna hazırlaşırdıq, bütün günü məlumatlar alırdıq. Sabah da belə olacaq. Bir saat əvvəl yaxşılığa doğru məlumat oldu. Amma rəsmi xəbəri gözləyirik. İşimizə məsuliyyətlə yanaşmalıyıq. Futbolçuların yaxşı nəticə üçün hər şeyi edəcəyinə inanıram”.

Qurban Qurbanov Norveç klubu barədə də fikirlərini bölüşüb: “Rəqibi analiz etmişik. “Molde” son vaxtlar bəlkə də meydanda ən intizamlı oyun göstərən rəqiblərdən biridir. Öz sistemlərini istəklə və düzgün yerinə yetirən komandadır. Rəqib meydanda heç bir boşluq verməyi xoşlamır. “Molde”nin maksimum səhvə məcbur etməliyik. Onda yaxşı nəticə əldə edə bilərik. Bunun üçün də böyük güc sərf etmək lazımdır.

Sistemləri fərqlidir. İndiki “Molde”nin futbolçuları daha inamlıdırlar. Vaxtilə bu komandaya uduzduğumuz üçün qisas fikrilə yanaşsaq, oyunumuza mane ola bilər. Rəqibin kimliyindən asılı olmayaraq, biz bu şansdan istifadə etmək istəyirik. Məqsədimiz minimum Avropa Liqasının qrupuna düşmək idi. Bunu bacardıq. Qarşıdakı oyunlarda istəyirik ki, inamlı nəticə və oyun göstərək. Azarkeşlərə böyük hörmətlə yanaşmışıq, güvənmişik. Onlar bizdən həmişə uğur tələb edib. Bu da bizə əlavə motivasiya verib. Biz bütün oyunlarda, bütün rəqiblərə qarşı istəkli olsaq da, soyuqqanlı yanaşmalıyıq. İstəyərdik ki, qalib gələk. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı oyun və yaxşı nəticə əldə etmək istəyirik”.

“Bu mövsüm qrupdan çıxmaq üçün yaxşı imkanımız var”

“Qarabağ”ın kapitanı Maksim Medvedev də “Molde” ilə ev oyunundan əvvəl təşkil edilmiş mətbuat konfransında iştirak edib. Təcrübəli müdafiəçi bunları söyləyib:

“Qrupda mübarizəyə qələbə ilə başlamaq istəyirik. Əsas işimizi artıq görmüşük, qrupda oynayacağıq. Uğurumuzu irəli daşımaq üçün əlimizdən gələni edəcəyik. Vaxtilə Avropa Liqasında qrupdan çıxmağa yaxın idik, alınmadı. Bu mövsüm bunun üçün yaxşı imkanımız var. Hazırda hər kəs oynamaq istəyir, heyətimiz genişlənib. İnanıram ki, belə güclə, həvəslə bu il daha uğurlu çıxış edəcəyik”.

Futbolçu son vaxtlar az oynadığını etiraf edib: “Amma daim komanda ilə bir yerdəyəm. Özümü zədələrdən qorumağa çalışıram. Uzun müddət oynamasam da, təcrübəm var. Özümü həmişə oyunda iştirak edirmiş kimi görürəm. Qalan hər şeyi məşqdə götürməyə çalışıram”.

Xatırladaq ki, sabah – sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyununa saat 20:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: