Rəşad Sadıqov: “Torpedo”nu keçmək istəyiriksə…”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo” ilə cavab oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan təmsilçiləri arasındakı cavab qarşılaşması sabah Kutaisidə təşkil ediləcək.

Bir həftə öncə Bakıda keçirilmiş oyundan 3:0 hesablı qələbə ilə ayrılmış “qartallar”ın baş məşqçisi bu gün baş tutmuş mətbuat konfransında rəqibin güclü komanda olduğunu bildirib:

“Bizi təcrübəli və adlı-sanlı komanda ilə oyun gözləyir. İlk matçdan sonra üstünlüyümüz var. Rəqibin keyfiyyətli heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş dəstəyi var. Onlar avrokuboklarda kifayət qədər təcrübəyə malikdirlər. Sabah qarşıdurmanın gedişatını dəyişmək üçün əllərindən gələni edəcəklər. Biz buna hazırıq. Maraqlı 90 dəqiqə olacaq. Ümid edirəm ki, növbəti mərhələyə əsas vaxtda yüksələcəyik”.

Rəşad Sadıqov komandasının ilk oyundan daha yaxşı çıxış etməli olduğunu vurğulayıb:

“İstərdim ki, fiziki baxımdan ilk oyundan daha yaxşı vəziyyətdə olaq. Mövsümün ilk rəsmi matçı həmişə çətin keçir. Bilirik ki, rəqib sabah daha yaxşı oynayacaq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki, həm də taktiki baxımdan daha keyfiyyətli oyun göstərməliyik. Optimal fiziki formaya çatmaq üçün isə 3-4 rəsmi oyun keçirmək lazımdır”.

Rəşad Sadıqov Azərbaycan Premyer Liqasındakı hədəflərindən də danışıb:

“Transfer pəncərəsinin bağlanmasına hələ 45-50 gün var. Hamımız “Qarabağ”ın və “Sabah”ın hansı səviyyədə olduğunu bilirik. “Turan Tovuz” ötən mövsüm uğurlu çıxış etdi və transfer bazarında da fəaldır. “Neftçi”nin bu ilin əvvəlindən göstərdiyi inkişaf da göz qabağındadır. Bu dörd komandanın yeni mövsümdə iddialı olacağını anlayırıq. Biz isə medal uğrunda mübarizə aparacaq beşinci komanda olmaq istəyirik. Bunun üçün uğurlu transfer dövrü keçirməliyik. Eyni zamanda “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ”ni də hesabdan silmək olmaz”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: