“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Kəpəz”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı qolsuz bitən matçdan (0:0) sonrakı mətbuat konfransında bunları söyləyib:
“Oyuna çox pis başladıq. “Kəpəz” ilk hissədə meydanda rahat idi. Qapımıza təhlükəli zərbələr vurdular. İkinci hissədə oyunumuzu düzəltdik. Təəssüf ki, bunu nəticəyə çevirə bilmədik. Heç-heçə ədalətli nəticədir.
Keyfiyyətlə bağlı problem yaşayırıq. Heyətimizdə yaradıcı futbolçu qıtlığı var. Digər komandalara baxırıq, heç nədən qol yaradırlar. Ümumən futbolçuların çıxışından razıyıq. 20 xal toplamışıq. Sadəcə, oyun baxımından daha yaxşısını istəyirəm.
Zirvədə qalmaq, təbii ki, çətin olacaq. Çempionat çətin keçir. Kim daha istəkli olacaqsa, o da üstünlük qazanacaq. Nəsə proqnoz vermək çətindir. Bəzi mövqelərdə usta futbolçuya ehtiyacımız var.
“Qarabağ”ın xal toplaması bizdə basqı yarada bilməz. Onların gücünə hamımız bələdik. Bütün matçlar ağır keçir. Oyunları təhlil edəndə əmin olmursan ki, hansısa rəqib üzərində dominantlıq edəsən. Hamı böyük çətinliklə qələbə qazanır. Bu, futbolumuz üçün yaxşıdır”.
Rəşad Sadıqov milli komandanın baş məşqçisi təyin olunacağı barədə xəbərlərə də münasibət bildirib:
“Uzun illərdir futbol ictimaiyyəti millidə yerli məşqçinin çalışmasını istəyir. Mən də yerli məşqçilərdənəm. Adımın hallanması normaldır. Amma mən bu gün bütün varlığımla “Zirə”nin uğurları üçün çalışıram. Bu dəqiqə bütün işim “Zirə” ilə bağlıdır. Ehtimalla bağlı suallara cavab verməyi düzgün hesab etmirəm. İki yerdə işləməyi Azərbaycanda yalnız Qurban Qurbanov bacara bilər. Mən və digər məşqçilər üçün çox çətin olar”.
Azər Məmmədov: “İstefamı istəyirlərsə…”
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə heç-heçəni belə şərh edib:
“Turan Tovuz”a təşəkkür edirəm ki, bizə qucaq açdı. İki fərqli hissə izlədik. İlk yarıda komandamız daha yaxşı oynadı. Çalışdıq ki, qol vuraq, alınmadı. Təbii örtükdə məşq etdiyimiz üçün bu gün komandada yorğunluq yarandı. Süni örtük öz təsirini göstərirdi. “Zirə” çempionatda ən az top buraxan komandadır. Oyunun ədalətli nəticəsi heç-heçə idi.
Maliyyə baxımından hamıdan geri qalırıq. Özüm də özümə sual verirəm ki, necə olur liderlərdən xal götürürük, daha asan rəqiblərdən isə xal ala bilmirik. Komandanın 80 faizi yenilənib. Futbolçuların adaptasiya alması üçün vaxt lazım olur. Bu proseslərdən keçirdik. İkinci dövrədə daha fərqli “Kəpəz” olacağıq.
Mən gəncəlidən əvvəl azərbaycanlıyam. İstefa tələblərinə gəldikdə isə, söz vermişəm ki, komandanı tam düzəldənə kimi sosial şəbəkələrlə maraqlanmayacağam. Mən bir gəncəli kimi İlqar Nadirini hər yerdə dəstəkləyəcəyəm. Burada işləsəm də, işləməsəm də. O insanda səmimilik görürəm. Necə dəstəkləməyim? “Kəpəz” üçün əlindən gələni edir. Mənim də istefamı istəyirlərsə, tənqidə açığam. Bəzi azarkeşlərə də haqq qazandırmaq lazımdır. Daha yaxşısını etmək istəyirik. Bizə vaxt lazımdır”.


