Son olaraq “Şamaxı”da forma geyinmiş qapıçı Rəşad Əzizli bundan sonra Premyer Liqa təmsilçisi “Qəbələ”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Qəbələ”nin rəsmi saytı məlumat yayıb.
29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. O, “Qəbələ”yə azad agent kimi qoşulub.
Rəşad Əzizli 2022-ci ilin iyulundan “Şamaxı”da forma geyinirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 36 oyuna çıxıb, 46 qol buraxıb, cəmi 5 “quru” matçı olub.
Əzizli “Şamaxı”dan öncə “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin də formasını geyinib. Qapıçı Azərbaycan milli komandalarında da çıxış edib. Rəşad U-17 və U-19 yığmalarının şərəfini qoruyub.
“Qəbələ” daha öncə Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Abramov, Osama Xalayla, Rauf Hüseynli və Bilel Auaşeriyanı da transfer etmişdi.
Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi, Ruan Renato və Rafael Utziqlə də yollarını ayırıb. Rüfət Əhmədov isə “Kəpəz”ə icarəyə verilib.
İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov, Kristof Atanqana və Omar Hani ilə də yeni müqavilə imzalanıb.


