“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox vacib qələbə qazandıq. Futbolçularıma həm bu oyundakı qələbəyə, həm də birinci dövrədəki çıxışlarına görə təşəkkür düşür. Bizim üçün uğurlu başlanğıcdır. 9 oyuna 19 xal yaxşıdır. “Turan Tovuz”la oyuna hazırlaşmaq, onlara qarşı uğurlu oyun planı cızmaq çətindir. Ayxan Abbasov savadlı məşqçidir. Çempionatımız gərgin və maraqlı keçir. Heç kim oyunun sonuna qədər təslim olmur. Bu gün də elə matçlardan biri oldu. Rəqibin ikinci hissənin ortalarından sonra oyununda inkişaf göz qabağında idi. Əks-hücumlarımız var idi. Amma təəssüf ki, alınmadı. Uğurlu çıxışı davam etmək istəyirik.
Komanda yaxşı xarakter nümayiş etdirir. Bəzi oyunları çıxmaq şərtilə, komandanın peşəkarlığından və xarakterindən razıyam. Etibarlı oynayırıq. Rəqiblər də bizi təhlil edir. Hücum potensialımızı artırmalı, fürsətlərdən yaxşı istifadə etməliyik. Bunların hamısını anlayışla qarşılayıram. Bir çox futbolçular keçmişdə böyük klublarda stabil çıxış etməyiblər. Onlardakı gərginlik normaldır. Özümüz də bilirik ki, hansı futbolçulara güvənirik. Sadəcə, zaman lazımdır ki, özlərinə güvənsinlər, uyğunlaşsınlar. Birinci yerdə olanda bu, komandaya əlavə təzyiq yaradır. Yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq”.
Rəşad Sadıqov qarşılarına qoyulan hədəflərdən də söz açıb: “Bizim əsas hədəfimiz mümkün qədər yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Rəhbərlik qarşımıza Avropa Konfrans Liqasına getmək hədəfi qoyub. Buna ölkə kuboku vasitəsilə də nail ola bilərik, Premeyr Liqadan da. Belə şey yoxdur ki, mütləq çempion olmalıyıq və ya ikinci yeri tutmalıyıq. Elə məqsəd yoxdur. Hər oyuna yaxşı hazırlaşıb, yüksək yerlər uğrunda mübarizə aparırıq”.
Ayxan Abbasov hakimlikdən şikayətləndi
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətini belə şərh edib:
“Üzücü məğlubiyyət oldu. Futbolçular meydanda çox əziyyət çəkdilər. Birinci yarıda lazım olan epizodda diqqətsizlik etdik, ikinci yarıda oyunu bərabərləşdirdik, üstünlük də bizdə idi. Amma standart vəziyyətdən yenə qol buraxdıq. Qoldan qabaq rəqib hücumçu müdafiəçimizə dirsək atmışdı. Neçə oyundur ki, penaltilərimizi vermirlər, xırda follara baxmırlar. Bu da bizə baha başa gəlir. Xallar qazana bilmirik. Futbolçulardan oyun baxımından razı qaldıq. Sonluq çatmadı. Bu da düzələcək. Ruhdan düşmək olmaz. İlk dövrədə 11 xal qazandıq. Çox da ola bilərdi. Demək ki, ikinci dövrə daha çətin keçəcək. Ağır qrafikə girəcəyik. Komandama inanıram. Fasilədən istifadən edib yaxşı hazırlaşmaq lazımdır”.


