“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 25-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra bunları deyib:
“Qəbələ” layiqli qələbə qazandı. Bundan sonra avrokuboklara vəsiqə verən iki yer uğrunda 3 komanda arasında qızğın mübarizə gedəcək. Oyuna yaxşı başladıq. İlk hissəni böyük üstünlüklə keçirdik, nəzarət bizdə idi. Təəssüf ki, iki dəfə əks-hücumda yaxalandıq və qollar buraxdıq. İkinci hissədə vəziyyəti dəyişməyə çalışdıq. Amma rəqibin intizamlı müdafiəsini yara bilmədik. Heç də həmişə nəticə oyuna görə olmur. Ağır olacağını gözləyirdim. Çünki “Neftçi”yə qarşı 120 dəqiqə oynamışdıq. Məndə inam var idi ki, matçı çevirə bilərik. Oyundan narazı qala bilmərəm. “Qəbələ” kimi rəqibə qarşı ilk yarıda dominant idik.
0:1 hesabı ilə də uduzsaydıq, 3 xal itirmiş olacaqdıq. Bu gün hətta bərabərlik də bizə Konfrans Liqasına vəsiqə yolunda böyük üstünlük qazandıra bilərdi. Futbolda hər şey sən istədiyin kimi olmur. Fiziki cəhətdən isə bu gün rəqibdən daha yaxşı idik. Müəyyən rotasiyalar da etmişdik. Sadəcə, üstün oynadığın zaman qollar buraxırsansa, bunun istər-istəməz təsiri olur. Beynəlxalq arenada ölkəmizi təmsil etmək istəyiriksə, vəziyyətlərə uyğun çıxış yolları tapmalıyıq.
Növbəti turda “Qarabağ”la qarşılaşacağıq. Amma niyə 4 gün sonra oynayırıq, bilmirəm. Mövsümün sonlarıdır, təqvimdə boş günlər tapmaq olar. Amma yenə də qarşılaşmaya maksimum hazırlaşmağa çalışacağıq”.
“Meydana kiməsə mane olmaq üçün çıxmayacağıq”
Rəşad Sadıqov “Premyer Liqada sona 3 tur qalmış çempionluğu təmim edən “Qarabağ”a çempionluq dəhlizi qurmaq fikriniz varmı” sualını belə cavablandırıb: “İstər “Qarabağ”, istərsə də başqa bir komanda olsun, belə bir ənənəmiz varsa, bizim üçün problem yoxdur. Düzü, bu haqda düşünməmişəm. Amma belə ənənəmiz varsa, hətta prinsipial rəqibə belə dəhliz qurmağa qarşı deyiləm”.
“Zirə”nin çalışdırıcısı “Qarabağ”ın “qızıl dubl” etməsinə mane ola biləcəksiniz” sualına isə bu cür reaksiya verib: “Bizim kiməsə mane olmaq məqsədimiz yoxdur. Qarşıda hələ üç çempionat oyunu var, əvvəlcə bunları düşünürük. Meydana kiməsə mane olmaq üçün çıxmayacağıq. Hər bir komanda mövsümü titulla başa vurmaq istəyir. Amma ondan əvvəl çempinatda mübarizəmiz var.
Final matçının Qəbələyə salınmasına gəlincə, bunun mənim üçün prinsipial fərqi yoxdur. Son illər bölgələrdə final görüşünün keçirilməsi ənənə halını halıb. Qəbələdə iqlim fərqi var, dağ zonasıdır. Əvvəllər Bakıda da, hətta Naxçıvanda da final görüşü olub. Çempionatdakı mübarizədən sonra kubok barədə düşünəcəyik”.


