Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Polşa Ekstraklasasında 2024/2025 mövsümünün 13-cü turunun oyunları keçirilir.
Rahilin komandası bu turda “Lex”in qonağı olub. Poznanda baş tutan oyun “Radomyak”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Rahil bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.
“Radomyak” 13 turdan sonra 12 oyuna topladığı 12 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var. “Radomyak” 12 oyunda 4 qələbə qazanıb, 8 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, bu ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 8 oyuna çıxıb.
Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 20 oyuna çıxıb.


